“İMZA” Ulu Öndərə həsr olunmuş xeyriyyə tədbiri keçirib | FOTOLAR

“İMZA” Ulu Öndərə həsr olunmuş xeyriyyə tədbiri keçirib    |  FOTOLAR
  11 May 2025    Oxunub:891
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Sosial Xidmətlər Agentliyinin tabeliyindəki ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xeyriyyə tədbiri təşkil edib.

Tədbirdə öncə Birliyin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sosial, iqtisadi və mədəni sahələrdə qazandığı uğurların təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai rifahın və vətəndaş cəmiyyətinin inkişafı, həmçinin həssas qrupların müdafiəsi və gənclərin vətənpərvər ruhda tərbiyəsi məqsədilə “İMZA” İctimai Birliyi müxtəlif silsilə layihələr və tədbirlər həyata keçirir.


Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində müxtəlif mühüm tədbirlər həyata keçirmişdir. “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi də öz fəaliyyətində bu prinsiplərə daim sadiq qalıb.


Birliyin sədri Xəyyam Əsgərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik salnaməsindəki rolundan danışaraq, bu gün ölkəmizin uğurlu daxili və xarici siyasətinin dahi rəhbərin müəyyən etdiyi strateji xətt əsasında qurulduğunu bildirib. O vurğulayıb ki, “İMZA” İctimai Birliyinin də fəaliyyəti Ulu Öndərin ideyalarına əsaslanır, gənclərin və ictimaiyyətin rifahı naminə həyata keçirtdiyi silsilə layihələrlə bu dəyərlərin təbliğinə xidmət edir.


Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA”nın Türkiyə təmsilçisi Hulusi Kılıç çıxışında Heydər Əliyevə göstərilən ehtiramdan, Prezident İlham Əliyevin isə həmin möhkəm təməllər üzərində ölkəni daha da inkişaf etdirməsindən söz açıb. O, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətini xüsusi qeyd edib.


Birliyin sədr müavini Elnar Məmmədli isə müasir Azərbaycan dövlətçiliyinin əsaslarının Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulduğunu, bu strategiyanın bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Akademik Nizami Cəfərov Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi kimi Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladaraq, Prezident İlham Əliyevin bu kursu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirərək ölkəni regionun lider dövlətinə çevirdiyini bildirib.


Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sadiq Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda oynadığı misilsiz rolunu vurğulayıb. O, dahi rəhbərin ölkəmizin dövlətçilik fəlsəfəsinin formalaşmasında, iqtisadiyyatın inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.

Tədbir Ulu Öndərin həyat və fəaliyyətinə dair videoçarxın nümayişi və bədii hissə ilə yekunlaşıb.


Teqlər: Ulu-Öndər   Anım  





Xəbər lenti